YAZIQ ÖLMƏYƏNLƏR
Canım yaman qurtarıb
əzablı bir diqqətlə
qaynar qazana bənzəyən
xəbərlərə baxmaqdan.
Bu can deyilən qara daşı
Qarabağdan İraqa,
Fələstinə darmaqdan.
Nə yaxşı ki, ölmüşəm...
Nə vaxtdı ki, görmürəm
dahi deyilən diplomatın
övladının başına
tumar çəkən əliylə
atom düyməsini basmağını.
Hüququ kilimə dönüb
ayaqlar altda qalan
yazıq insanların
mağmın-mağmın susmağını.
Beynəlxalq təşkilatların
gündəlik qəbul etdiyi
qərarları dinşəyə-dinşəyə
çörək pulu tapmayan
bir naümid atanın
tüpürüb hər şeyə
özünü asmağını.
Nə yaxşı ki, ölmüşəm...
Nə vaxtdı ki, görmürəm
İnsan dərdi çəkə-çəkə
infakt olanların
ucuz həkim gəzməyini.
Yer üstündə dalaşan
yazıq dilənçilərin
rəsmi kağızlar üstə
yağın-balın içində
rahat-rahat üzməyini.
Nimdaş paltar içində
küçələrdə dilənən
şəhid balasının
gündə bir maşın minən
fərari övladını
həsəd-həsəd süzməyini.
Nə yaxşı ki, ölmüşəm...
Nə yaxşı ki, görmürəm
əqidədən dəm vurub
“dönməzlik” sözünü
əlində bayraq tutub
gündə bir partiya dəyişənləri.
Millətin dərdini kənara atıb
deputat donunda söyüşənləri,
“Vətəni qorumaq borcumuzdur”-deyib
oğlunu beşikdə gizləyənləri
daha nələri...
daha nələri...
Guya imana gəlib,insafa gəlməyənləri,
Nə yaxşı ki, ölmüşəm.
Yazıq ölməyənlər.
Yazıq ölməyənlər.
